“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib
29.04.2022
11:14
Aprelin 28-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.
“Əməyin mühafizəsində müsbət mədəniyyətin formalaşdırılması üçün birgə çalışaq!” şüarı ilə baş tutan tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində görülən işlər barədə ətraflı məlumat verilib, işçilərin sağlamlığının qorunması, təhlükəsiz iş mühitinin yaradılmasının fəaliyyətə başladığı gündən etibarən “AzerGold”un əsas öncəliyi olduğunu vurğulanıb. Qeyd edilib ki, Cəmiyyətin bütün sahələrində əməyin mühafizəsi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalardan irəli gələn norma və standartlar tətbiq olunur. Bu məqsədlə hər il Cəmiyyətin əməkdaşlarına yüksək ixtisaslı və peşəkar biliklərə malik olan yerli və xarici şirkətlərin nümayəndələri cəlb olunmaqla 100-dən çox təlim keçirilir. 2016-cı ildən 2022-ci ilin birinci rübünədək xəsarətsiz ötüşən iş saatlarının miqdarı 3 milyon saatı ötüb ki, bu da 6 ildir ki, fəaliyyət göstərən dağ-mədən şirkəti üçün olduqca yüksək göstərici hesab olunur.
Tədbirin sonunda əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına, ətraf mühitin mühafizəsi və digər normativ-hüquqi sənədlərin əsasında formalaşmış qaydalara əməl edən və öz fəaliyyəti ilə seçilən ÇİRES-in bir qrup əməkdaşına xatirə hədiyyələri təqdim edilib.
Xatırladaq ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması məqsədi ilə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü elan edilib. Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Günü üçün “Pozitiv təhlükəsizlik və sağlamlıq mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edək!” devizi müəyyən edilib.