“AzerGold” QSC-də hasilatın pay bölgüsü haqqında Saziş üzrə Rəhbər komitənin növbəti iclası keçirilib

05.12.2024

17:39

“AzerGold” QSC ilə “R.V. Investment Group Services, LLC ABŞ” arasında hasilatın pay bölgüsü haqqında saziş üzrə Rəhbər komitənin növbəti iclası keçirilib.

Rəhbər komitənin sədri, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə keçirilən iclasda saziş sahələrində həyata keçirilən fəaliyyətə dair gündəliyə daxil edilmiş məsələlər müzakirə olunub.

İclasda əvvəlcə “Gədəbəy” saziş sahəsi üzrə 2024-cü ilin yenilənmiş iş proqramı və büdcə sənədi müzakirəyə çıxarılaraq, təsdiq edilib.

Qeyd olunub ki, saziş üzrə dövləti təmsil etmək səlahiyyətinin “AzerGold” QSC-yə ötürülməsindən sonra fəaliyyətin beynəlxalq standartlar və qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş birgə tədbirlər nəticəsində “Gədəbəy” saziş sahəsində hasilat və istehsalat prosesinin, o cümlədən Flotasiya və Aqitasiya zavodlarının fəaliyyətinin tam gücü ilə bərpasına nail olunub. Bildirilib ki, görülmüş işlərin məntiqi nəticəsi olaraq cari ilin davam edən 4-cü rübü ərzində qızıl, gümüş və mis istehsalında artım müşahidə edilməkdədir.

Həmçinin iclasda 2025-ci il üçün hazırlanmış iş proqramı və büdcə sənədinə baxış keçirilib, saziş üzrə QSC tərəfindən formalaşdırılmış İşçi qrupun fəaliyyətinə dair tədbirlər planı nəzərdən keçirilib və müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında saziş üzrə layihəni idarə edən Rəhbər komitə “AzerGold” QSC, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “R.V. Investment Group Services, LLC” şirkətinin səlahiyyətli nümayəndələrindən təşkil olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli, 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.