“AzerGold” QSC-də 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

20.01.2021

14:19

Yanvarın 19-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında və "Çovdar" Filiz Emalı Sahəsində 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib. 

Mövcud pandemiya şəraitinə uyğun olaraq məhdud iştirakçı sayı ilə keçirilən tədbirlərdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin müstəqil Azərbaycanın tarixində ən əlamətdar illərdən biri kimi daxil olduğunu qeyd edib. Sədr müzəfər Ali Baş Komandanın Vətən müharibəsində qələbənin əldə edilməsində, düşmənin təslim olmasında olduqca vacib və həlledici rol oynayan Şuşa şəhərinin azad edilməsi müjdəsini xalqa məhz Şəhidlər Xiyabanından çatdırmasının bu müqəddəs məkanın xalqımız üçün ehtiva etdiyi dəyəri bir daha sübut etdiyini bildirib.

Zakir İbrahimov 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bu faciəyə ilk dəfə siyasi-hüquqi qiymətin verildiyini xatırladaraq, bu gün də 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və zərərçəkənlərin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu, faciə qurbanlarının xatirəsinin hər il ölkə miqyasında anıldığını vurğulayıb.

Tədbir iştirakçıları 20 Yanvar hadisəsinin müasir Azərbaycan tarixinə qanla yazıldığını, həm faciə, həm də qəhrəmanlıq və mübarizlik səhifəsi kimi daxil olduğunu bildirib, bu ruhda böyüyən gənclərin Vətən müharibəsində inanılmaz şücaət və fədakarlıq göstərdiklərini vurğulayıblar.