“AzerGold” QSC-də 20 Yanvar şəhidləri yad edilib

19.01.2019

06:00

Yanvarın 18-də “AzerGold” QSC-nin inzibati binasında 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “20 Yanvar” faciəsini müasir Azərbaycan tarixinin qanlı səhifəsi ilə yanaşı, həm də qəhrəmanlıq və mübarizlik zirvəsi adlandırıb. Bu ağır cinayətin xalqımızın gözünü qorxutmadığını bildirən sədr, qısa müddət sonra Azərbaycanın müstəqillik əldə etdiyini qeyd edib. Z. İbrahimov bu qanlı faciəyə 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verildiyini xatırladaraq, bu gün də 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və zərərçəkənlərin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqəti və qayğısı ilə əhatə olunduğunu, faciə qurbanlarının xatirəsinin hər il ölkə miqyasında anıldığını vurğulayıb.

Tədbir iştirakçıları “20 Yanvar” şəhidlərinin qəhramanlığının daima yaşayacağını, gələcək nəsillər üçün də örnək olacağını bildiriblər. Daha sonra tədbirdə “20 Yanvar” hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.