“AzerGold” QSC-də 2-ci "Yüksəliş" müsabiqəsinin qalibi Nərgiz Balakişiyeva ilə görüş keçirilib

15.11.2023

12:12

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 2-ci “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Nərgiz Balakişiyevanı qəbul edib.

QSC-nin İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin ölkəmizdə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını baxımından əhəmiyyətini qeyd edib.

Müsabiqə qalibinə “AzerGold” QSC-nin fəaliyyəti, idarəçilik sahəsində fərdi təcrübəsi barədə məlumat verən Z.İbrahimov idarəçi rəhbər olmağa iddia edən şəxslərin daim öz üzərlərində işləməli, bilik və bacarıqlarını davamlı inkişaf etdirməli olduğunu bildirib. Qeyd olunub ki, işgüzarlıq, məsuliyyətlilik, risketmə həvəsi və bacarığı, peşəkar ünsiyyət mədəniyyəti, iş vaxtının səmərəli bölüşdürülməsi, insanları düzgün qiymətləndirmə, əmək resurslarının səmərəli istifadəsi, rassionallıq peşəkar və uğurlu bir idarəçidə vacib keyfiyyətlərdir. Z.İbrahimov layihə qalibinə bütün bu keyfiyyətlərə sahib olmaq, özünü daha da inkişaf etdirmək üçün 2-ci “Yüksəliş” müsabiqəsinin hazırda davam edən mentorluq proqramından maksimum faydalanmağı tövsiyə edib.

2021-ci ildə 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi Nazim Novruzov, 2022-ci ildə 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi Əli Əhmədovla Mentorluq proqramı çərçivəsində 1 illik fərdi inkişaf planının icrasına başladığını xatırladan Z.İbrahimov müsabiqə qalibləri ilə karyera planlaması, effektiv idarəçilik, etik prinsiplər və peşəkar standartlar, böhran menecmentinə dair kifayət qədər məhsuldar əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin istedadlı gənclərin idarəçilik sahəsində önə çəkilməsi istiqamətində yürütdüyü siyasətə uyğun olaraq müsabiqə qaliblərindən Əli Əhmədov “AzerGold” QSC-də müşavir, İlyas İsmayıllı isə Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsinin müdirinin müavini vəzifəsinə təyin olunub.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib.