“AzerGold" QSC-nin əməkdaşı nüfuzlu “Chevening” təqaüdünə layiq görülüb

07.08.2026

18:00

“AzerGold” QSC-nin Maliyyə şöbəsinin Hesabatlılıq sektorunun müdiri İlqar Həşimov Böyük Britaniya Hökumətinin nüfuzlu Chevening təqaüd proqramının qalibi olub. O, 2026/2027-ci tədris ilindən etibarən Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Vorvik Universitetində (University of Warwick) “Maliyyə iqtisadiyyatı” (Financial economics) ixtisası üzrə magistr təhsili alacaq.
İlqar Həşimov 2012-2017-ci illər üzrə Bakı Mühəndislik Universitetinin “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. O, 2023-cü ildən “AzerGold” QSC-də çalışır.
Qeyd edək ki, cari il “Chevening” təqaüd proqramına dünyanın müxtəlif ölkələrindən 100 mindən çox namizəd müraciət edib. Seçim mərhələlərinin nəticələrinə əsasən, yalnız 700 nəfər təqaüdə layiq görülüb. Azərbaycandan isə cəmi 3 namizəd bu nüfuzlu proqramın qalibi adını qazanıb.
Böyük Britaniya Hökumətinin ən nüfuzlu qlobal təqaüd proqramlarından biri “Chevening” 1983-cü ildə təsis edilib. Proqram akademik nailiyyətləri, peşəkar təcrübəsi və liderlik potensialı ilə seçilən gənc mütəxəssislərə dünyanın aparıcı universitetlərində magistr təhsili almaq imkanı yaradır.