“AzerGold” QSC İspaniyada keçirilən beynəlxalq konfransda təmsil olunub

23.08.2024

09:42

“AzerGold” QSC İspaniyanın Barselona şəhərində təşkil olunan Mədən, Material və Metallurgiya Mühəndisliyi üzrə 11-ci beynəlxalq elmi konfransda təmsil olunub.

22-24 avqust tarixlərində keçirilən multidissiplinar konfransın məqsədi müvafiq sahələrdə nailiyyətləri təqdim etmək, fikir və məlumat mübadiləsi üçün dünyanın müxtəlif ölkələrindən elm adamlarını və mütəxəssisləri, o cümlədən ixtiraçıları bir yerə toplamaqdır. Sözügedən tədbir həm də yeni əməkdaşlıqların qurulması və qeyd olunan sahələr üzrə yeni məhsul və texnoloji həllərlə tanışlığa zəmin yaratmaq məqsədi daşıyır.

“AzerGold” QSC-nin müşaviri Müşfiq Məmmədli konfransda QSC-nin fəaliyyəti, əldə etdiyi uğurlar, dövlət şirkətinin uzunmüddətli strateji təşəbbüsləri, əlvan və qara metal istiqamətləri üzrə görülən işlərdən geniş bəhs edib. Həmçinin şirkətin mədən layihələri barədə məlumat verilib, xüsusilə də qızıl, gümüş, dəmir filizi, mis sahələrinin potensial əməkdaşlıq üçün cəlbediciliyini vurğulanıb.

 3 gün davam edən beynəlxalq tədbirdə müxtəlif ölkələri təmsil edilən mütəxəsislərə “AzerGold” QSC-nin geoloji kəşfiyyat, hasilat, ixrac, pərakəndə satış məhsulları, məşğulluğun artırılması, ətraf mühitin mühafizəsi və sosial sahədə icra etdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Kanadanın ASET “International” Beynəlxalq Elm, Mühəndislik və Texnologiya Akademiyası tərəfindən təşkil edilən konfransda 30-dan çox ölkədən 100-dən çox alim, ekspert və şirkət nümayəndələri iştirak edib. Panel sessiyaları dünya mədənçiliyində tətbiq olunan yeniliklər, metallurgiya mühəndisliyində innovativ yanaşmalar, geologiya və mineralogiya, karbon əsaslı materialların emalı, yüksək texnologiyalar sahəsində yeni kəşflərə həsr olunub.