Azərbaycan və Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlığın həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalandı
22.12.2021
18:37
Bu gün ilk dəfə olaraq keçirilən Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Hökumətlərarası sənədi Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
Forum çərçivəsində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində dördtərəfli Anlaşma Memorandumu imzalanıb.
Yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edən Anlaşma Memorandumunun imzalanmasında əsas məqsəd geologiya və mədənçilik sahələrində elmi və texniki əməkdaşlığın həyata keçirilməsi, birgə kəşfiyyat işlərinin yerinə yetirilməsindən ibarətdir. Bununla yanaşı, memorandumu imzalayan tərəflər Azərbaycanda fəaliyyət göstərəcək birgə müəssisə və ya şirkətin yaradılması imkanlarını da araşdıracaqlar.
Türkiyənin bu sahədə geniş təcrübəsi nəzərə alınmaqla Anlaşma Memorandumu ölkəmizin dağ-mədən sektorunun gələcək inkişafı üçün atılmış növbəti uğurlu addımdır. Sözügedən sənəd iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dağ-mədən sektorunda da qardaş Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.