Azərbaycan Respublikasının Prezidenti "AzerGold" QSC ilə bağlı Sərəncam imzaladı
01.09.2020
17:12
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün “Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.
Sənədə əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) əlvan metal filizi yataqları ilə bərabər, dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.
Sərəncama uyğun olaraq “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 179; 2016, № 2 (II kitab), maddə 338, № 8, maddə 1384; 2019, № 5, maddə 890; 2020, № 5, maddə 602) 2-ci hissəsinə “əlvan” sözündən sonra “və qara” sözləri əlavə edilir. Həmçinin “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1287) 1–3-cü hissələri ləğv edilir.
Mənbə: President.az