AMEA və “AzerGold” QSC arasında dağ-mədən tədqiqatları üzrə memorandum imzalanıb
10.11.2016
06:00
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) filiz yataqlarının geologiyası və dağ-mədən tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər. Bu məqsədlə tərəflər arasında memorandum imzalanıb. Sənədə AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə və səhmdar cəmiyyətin idarə heyətinin sədri Zakir İbrahimov bu gün qol çəkiblər.
Razılığa əsasən, alim və mütəxəssislər Azərbaycan ərazisində mövcud filiz yataqlarını geoloji-geofiziki araşdıracaq. Sənəd elmi-tədqiqat, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsini və mütəxəssislərin yetişdirilməsini də nəzərdə tutur. Bunun üçün qarşılıqlı məsləhət və texniki təlim xidmətləri təşkil ediləcək, birgə elmi-praktik konfranslar və işçi görüşlər keçiriləcək.
Bütün bu işlər üçün tərəflər texniki, maliyyə və kadr imkanlarını səfərbər edəcək, indiyəqədərki məlumatlarını paylaşacaqlar. Bu mənada “AzerGold” QSC-nin GGİ-nin kadr potensialı və maddi-teniki bazasından faydalanması, analitik laboratoriyalarından yararlanması, həmçinin institutun şirkətə gənc mütəxəssislər hazırlamaqda köməyi də memorandumda öz əksini tapır. “AzerGold” QSC-nin isə öz növbəsində kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqatlar aparmaq üçün AMEA-nın gənc alimlərinə şərait yaratması nəzərdə tutulur.