Söyüdlü (Zod) qızıl yatağı

Kəlbəcər rayonunda yerləşən “Söyüdlü” (“Zod”) qızıl yatağı Qafqazın ən iri qızıl yataqlarından biridir. Yataq 1951-ci ildə aşkarlanıb və müxtəlif dövrlərdə geoloji tədqiqat və qiymətləndirmə işləri aparılıb. İşğal dövründə yatağın Ermənistan ərazisində yerləşən hissəsində qanunsuz hasilat işləri həyata keçirilib.

2025-ci ilin avqust ayından etibarən “AzerGold” QSC tərəfindən yataqda genişmiqyaslı geoloji tədqiqat, topoqrafik planlaşdırma və ümumi uzunluğu 18 000 metr olan buruq-qazma işləri həyata keçirilib. Aparılmış kəşfiyyat işlərinin nəticələrinə əsasən, yatağın çıxarıla bilən qalıq qızıl ehtiyatları faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartına uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb.

2026-cı ilin sentyabr ayında “Söyüdlü” yatağında ilk dəfə qazma-partlayış işlərinə başlanılıb. Eyni zamanda, yataqda müasir geotexniki monitorinq texnologiyasının tətbiqinə start verilib. Mədənin geotexniki qeyri-sabitliyi və müxtəlif ekzogen-geoloji proseslərin aktivliyi nəzərə alınaraq, proseslərə fasiləsiz nəzarət məqsədilə “GroundProbe SSR-OMNI” yamac dayanıqlığının radar monitorinq sistemi işə salınıb.

Erkən xəbərdarlıq funksiyasına malik radar monitorinq sistemi mümkün geotexniki risklərin əvvəlcədən müəyyən edilməsinə və sürüşmə təhlükəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsinə imkan verir. Sistemin tətbiqi istehsalat proseslərində işçi heyətin və ağır texnikanın təhlükəsizliyinin təmin olunmasına, həmçinin mümkün sürüşmələr nəticəsində yarana biləcək istehsalat fasilələri və əlavə xərclərin qarşısının alınmasına xidmət edir.

Yatağın istismarı ilə yanaşı, filizin emalı üzrə texnoloji həllərin formalaşdırılması istiqamətində də işlər davam etdirilir. “Söyüdlü” filizinin mineralogiyası və metallurgiya xüsusiyyətləri, həmçinin aparılmış sınaqların nəticələri əsasında ilkin emal mərhələsində flotasiya texnologiyasının tətbiqinin zəruri olduğu müəyyən edilib. Bu məqsədlə yataq üzrə müasir flotasiya emal kompleksinin yaradılması istiqamətində işlər aparılır.

“Söyüdlü” layihəsi üzrə, podratçı şirkətlər də daxil olmaqla, hazırda ümumilikdə 236 nəfərin məşğulluğu təmin edilib. Onlardan 55 nəfəri Kəlbəcər rayonunda qeydiyyatda olan vətəndaşlardır. Dağ-mədən sənayesində xüsusi ixtisas, texniki bilik və iş təcrübəsi tələb edən vəzifələr üzrə yerli əmək bazarında uyğun namizədlərin məhdudluğu nəzərə alınaraq, digər regionlardan müvafiq kvalifikasiya və təcrübəyə malik mütəxəssislər də layihəyə cəlb edilib.

Layihənin ilkin istismar və tikinti mərhələsini əhatə edən 2026–2029-cu illərdə birbaşa və dolayı yolla təxminən 700 nəfərin işlə təmin olunması nəzərdə tutulur. “Söyüdlü” mədəninin tam istismar mərhələsinə keçməsindən sonra isə birbaşa və dolayı məşğulluğun 1 300 nəfərdən çox olacağı gözlənilir.

Digər layihələr