"Filizçay" yatağı

1959-cu ildə kəşf edilmiş “Filizçay” polimetal yatağı Balakən rayonunun inzibati ərazisində, Balakənçayın sağ qolu olan Karabçayın hövzəsində yerləşir. Yataq regionun ən böyük polimetal yatağı və “AzerGold”un ən irihəcmli layihələrindən biridir. Tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında öncül yerlərdə qərarlaşıb. Yataqda sink, gümüş, mis və qurğuşun kimi əlvan metallar mövcuddur.

2022-ci ildə “Filizçay” yatağının yerin təkindəki resurslarının hesablanmış miqdarı artırılıb. Belə ki, yatağın istismara cəlb edilməsi prosesi çərçivəsində mineraloji tədqiqatların aparılması üçün filiz nümunələri Böyük Britaniyanın nüfuzlu “Petrolab” şirkətinin laboratoriyasında tədqiq edilib. “Filizçay”ın resursları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş beynəlxalq təsnifat sistemi olan “JORC” (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq hesablanıb. Hesablamanın nəticəsi olaraq, 1983-cü ildə SSRİ dövründə dövlət balansına daxil edilmiş göstəricilərlə müqayisədə 20% artım qeydə alınıb. “Filizçay” polimetal yatağı üzrə yerin təkindəki filiz resurslarının hesablanmış miqdarının 112.71 milyon ton olması təsdiqlənib.

Digər layihələr