“Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatı olub

04.11.2022

12:04

Noyabrın 3-də Nizami Kino Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə ərsəyə gətirilmiş, Vətən müharibəsi şəhidi Muxtar Qasımlıya həsr olunan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, müharibə iştirakçıları, şəhid anaları və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində şəhid Muxtar Qasımlının valideynləri – atası, filmin prodüseri Əli Qasımov və anası, filmin bədii rəhbəri Almaz Qasımova, Milli Məclisin sədrinin müavini Adil Əliyev, Gənclər və idman naziri Fərid Qayıbov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış ediblər. Bildirilib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi hərb tariximizə qızıl hərflərlə yazılıb. Məhz cənab Prezidentin qətiyyəti, yüksək sərkərdəlik məharəti və qəhrəman vətən övladlarının mübarizliyi, fədakarlığı sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyulub. Qeyd olunub ki, Qarabağda tarix yazan həmin qəhrəmanlarımızdan biri də Füzuli rayonu uğrunda gedən ağır döyüş əməliyyatlarında öz şücaəti ilə fərqlənmiş şəhid Muxtar Qasımlıdır. Müharibəyə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi qatılan Muxtarın döyüş yolu düşmənin müdafiə səddinin yarıldığı Füzulidə başlayıb və rayonun Alxanlı kəndində sona çatıb. 2 oktyabr 2020-ci il tarixində Silahlı Qüvvələrimizin baş leytenantı Muxtar Qasımlı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Vurğulanıb ki, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Muxtarın da ömür yolu gənclərimiz üçün örnəkdir. Bu mənada Muxtarın qəhrəmanlıq hekayəsindən bəhs edən “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi şəhidimizi ictimaiyyətə daha yaxından tanıtmaq, yeni nəslin Muxtar kimi mərd, cəsur, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə vermək məqsədi daşıyır.

Çıxışlardan sonra rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi nümayiş olunub. Ekran işində şəhid Muxtar Qasımlının təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, idman sahəsində əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttini təşkil edib.

Xatırladaq ki, “AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, tamaşaçıların böyük marağı ilə qarşılanan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin rəsmi treyleri ilə linkə keçid edərərək tanış ola bilərsiniz.