Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə Gəncədə Autizm Mərkəzi istifadəyə verilib

11.04.2023

17:54

Aprelin 11-də “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan Gəncə Autizm Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Dünya Autizm Maarifləndirmə ayında təşkil edilən tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinin müavini Xəyyam Fərzəliyev, Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov, Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, birliyin Autizm Valideyn Məşvərət Şurasının sədri Natavan Məmmədova, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, SOBE Autizm Fondunun koordinatoru Zeynep Takı Kapıtaş, Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov layihənin Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu zəngin mənəvi irsin təşviqi, Azərbaycan dövlətinin uşaq və gənclərin inkişafı ilə bağlı yürütdüyü ardıcıl və məqsədyönlü siyasətin dəstəklənməsi, xüsusilə bölgədə həssas kateqoriyalardan olan vətəndaşlarımızın hərtərəfli qayğı ilə əhatələnməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

İqtisadiyyat nazirinin müavini S.Ələkbərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial yönümlü dövlət siyasətinə töhfə vermək məqsədilə yaradılan Gəncə Autizm Mərkəzinin Gəncə şəhəri və ətraf bölgələrdə autizm spektr pozuntusu olan uşaq və yeniyetmələrin fərdi inkişafına xidmət edən nəcib təşəbbüs olduğunu diqqətə çatdırıb.

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev Ümummilli Liderin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər sahədə olduğu kimi uşaq və gənclərlə bağlı dövlət siyasətinin də uğurla davam etdirildiyini, bu siyasətə ən böyük dəstəyin isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən verildiyini qeyd edib. O, bu gün Mehriban xanım Əliyeva tərəfindən uşaqların inkişafı, təhsili, gələcəyi ilə bağlı mühüm layihələrin həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olan uşaqlara hərtərəfli diqqət göstərildiyini, onların xəstəliklərdən qorunması, sağlamlıqlarının bərpası üçün ciddi və təxirəsalınmaz tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Gəncədə Autizm Mərkəzinin yaradılması təşəbbüsünün də Heydər Əliyev Fonduna məxsus olduğunu qeyd edən X.Fərzəliyev əlavə edib ki, layihənin əsas məqsədi autizm spektr pozuntularına malik olan uşaqları aşkarlayaraq, onlarda bu pozuntuların təzahür xüsusiyyətlərini öyrənmək, psixodiaqnostik və psixokorreksiya işi təşkil etməklə müsbət dəyişmələrə nail olmaqdır.

Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği  şöbəsinin müdiri Cəmil Əliyev isə bildirib ki, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uşaq, yeniyetmə və gənclərin inkişafı ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlər yeni nəslin fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyüməsinə xidmət edir. O qeyd edib ki, bu məqsədlə icra olunan layihələr sırasında autizmli şəxslərin fərdi inkişafının dəstəklənməsi prioritetlər sırasındadır. C.Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq sayca ikinci Autizm Mərkəzinin istifadəyə verildiyini, növbəti illərdə də bu istiqamətdə fəaliyyətin dəstəklənəcəyini qeyd edib.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova layihə barədə geniş məlumat verərək, Gəncə şəhəri ilə yanaşı, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Tovuz rayonlarında autizm spektr pozuntulu şəxsləri və onların ailələrini əhatə edən layihə çərçivəsində risk qrupuna aid edilən, xüsusi təhsil dəstəyinə ehtiyacı olan uşaqların müəyyənləşdirildiyini, onlara yerli və beynəlxalq mütəxəssislər tərəfindən müvafiq təlimlərin keçirilməsinə başlanıldığını bildirib. O, autizm sahəsində beynəlxalq təcrübənin regiona transfer edilməsinə verdikləri dəstəyə görə Heydər Əliyev Fondu və “AzerGold” QSC-yə təşəkkürünü bildirib.

Tədbirdə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini A.Sofiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov, Türkiyənin SOBE Autizm Fondunun koordinatoru Z.T.Kapıtaşı, Xalq artisti T.Ağayeva, Autizm Valideyn Məşvərət Şurasının sədri N.Məmmədova və digərləri çıxış edərək, layihə barədə fikirlərini bölüşüb, autizm sahəsində son dövrlər icra olunan irimiqyaslı tədbirlərin Azərbaycanda dövlət və özəl təşkilatlar tərəfindən bu sahəyə ayrılan xüsusi diqqət və qayğının əyani təzahürü olduğunu qeyd ediblər.

Daha sonra qonaqlar Gəncə Autizm Mərkəzində məktəbəqədər təhsil, ixtisasəldəetmə, özünüidarəetmə və müstəqil davranış bacarıqlarına yiyələnmə kimi ehtiyaclara uyğun olaraq uşaqlar üçün tam ödənişsiz əsaslarla təşkil edilən təlim və bərpa prosesi ilə tanış olublar. Mərasim Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva və autizmli gənc pianoçu Əlisahib Bayramovun ifaları ilə davam edib. Daha sonra qonaqlar  autizmli uşaqların rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Qeyd edək ki dağ-mədən sənayesinin aparıcı dövlət şirkəti olaraq  “AzerGold” QSC ölkəmizin iqtisadi inkişafa töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır. Səhmdar Cəmiyyət fəaliyyət göstərdiyi regionda ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və s. istiqamətlər üzrə çoxsaylı layihələr icra edərək, vətəndaşların rifah halının gücləndirilməsi ilə bağlı dövlətin yürütdüyü siyasətə töhfələrini verməkdədir.