“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi iqlim dəyişikliyi mövzusunda təlim təşkil edib
15.04.2019
07:00
11-14 aprel 2019-cu il tarixlərində “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində “Fərdi aqrar təsərrüfatlarının iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlim təşkil edib.
Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov BMT-nin təşəbbüsü ilə hazırlanan və 193 ölkənin qoşulduğu Dayanıqlı İnkişaf üzrə Qlobal Hədəflər 2030-un milli səviyyədə icra edildiyini qeyd edərək, bu istiqamətdə ölkədə həyata keçirilən dövlət proqramlarını sadaladı. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən ətraf mühitin mühafizəsi, müxtəlif sahələrdə, xüsusilə də sahibkarlığın dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələri, irəli sürülən təşəbbüsləri örnək göstərən Zakir İbrahimov, “AzerGold” QSC tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət tədbirləri haqqında da ətraflı məlumat verib.
Daha sonra tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Novruz Quliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov iqlim dəyişikliyi və bu istiqamətdə görülən tədbirlər haqqında çıxış ediblər.
Qeyd edək ki, 4 gün davam edən təlim zamanı Gəncə-Qazax, Aran, Lənkəran və Naxçıvan iqtisadi rayonlarında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkar iqlim dəyişikliyi şəraitində su, torpaq və bitki idarəçiliyi, kənd təsərrüfatında mövcud innovasiyalar, iqlim dəyişikliyinə məruz qalan təsərrüfatlara qanunvericilikdə nəzərdə tutulan güzəştlər haqqında praktik biliklər əldə ediblər. İnteraktiv şəkildə sualların cavablandırıldığı, geniş müzakirələrin və fikir mübadiləsinin aparıldığı təlimin sonunda fermerlər müvafiq sertifikatlarla təltif olunublar.
Rəsmi dövlət qurumlarının, elm və təhsil ocaqlarının, müstəqil ekspertlərin təlimçi qismində iştirak etdiyi tədbirdə əmək qabiliyyətli əhalinin böyük hissəsinin məşğul olduğu kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiyasına, qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial rifahın daha da yüksəlməsinə dəstək göstərmək və bununla da “Dayanıqlı İnkişaf üzrə Qlobal Hədəflər 2030”-a nail olunmasına töhfə vermək məqsədlərini daşıyır.
Xatırladaq ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Paris Sazişinə 26 oktyabr 2016-cı il tarixindən etibarən qoşulub və bu istiqamətdə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir.