“AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib
19.08.2022
14:52
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti dəfə qanvermə aksiyası təşkil edilib. Cəmiyyətin əməkdaşları könüllü olaraq aksiyada iştirak edərək, irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə qan veriblər.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən əvvəlcə hər bir donorun sağlamlığı müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, ötən illərdə də “AzerGold” QSC tərəfindən könüllü qanvermə aksiyaları təşkil edilib. Artıq ənənəvi olaraq keçirilən bu nəcib aksiyalar ilə Cəmiyyətin əməkdaşları müxtəlif qan xəstəlikləri olan insanların müalicəsinə öz dəstəklərini göstərməyə davam edirlər.