“AzerGold” QSC Çaykənd kəndində su xəttini bərpa edib

23.08.2019

07:00

“AzerGold” QSC Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində fəaliyyət göstərdiyi bölgələrdə yerli icmalara dəstək tədbirlərini davam etdirir.

Belə ki, 2019-cu ilin aprel ayında Daşkəsən rayonunun Çaykənd kəndinin sakinləri kənddə mövcud köhnə su xəttinin bərpa edilməsi məqsədi ilə “AzerGold” QSC-yə müraciət ünvanlayıb. Yerli sakinlərin müraciəti nəzərə alınaraq Cəmiyyət tərəfindən su xəttinin bərpa edilməsi haqqında qərar qəbul edilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə içməli su mənbəyinin tərkibi laboratoriyada yoxlanılıb və həmin mənbədən Çaykənd kəndinə 1600 metr uzunluğunda yeni su borusu çəkilib.

21 avqust tarixində Çaykənd kəndində yeni bulağın istifadəyə verilməsi münasibəti ilə “AzerGold” QSC-nin nümayəndələri və kəndlilər arasında görüş keçirilib. Daşkəsən Rayon İcra Hakimiyyəti nümayəndələrinin də iştirak etdiyi görüşdə kənd sakinləri “AzerGold” QSC tərəfindən bölgədə həyata keçirilən dəstək tədbirləri ilə bağlı öz minnətdarlıqlarını bildirib, yeni su xəttinin çəkilişi ilə kənddə mövcud su probleminin tamamilə həll olunduğunu qeyd ediblər.

Yerli əhali və icmalarla iş, ətraf mühitin mühafizəsi və digər sosial istiqamətlər Cəmiyyətin diqqət mərkəzindədir və bu istiqamətlərdə Korporativ Sosial Məsuliyyət komitəsi tərəfindən mütəmadi olaraq layihələr və işlər həyata keçirilir.