Bakıda İkinci Qlobal Mühəndislik Simpoziumu keçirilib

16.03.2020

07:00

13 mart tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Almaniyanın Freiberg Universiteti, “Horizon Education Agency”, Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycan Tələbə və Elmi İşçilər Birliyinin dəstəyi ilə Bakıda İkinci Qlobal Mühəndislik Simpoziumu  keçirilib. 

100-ə yaxın iştirakçının qatıldığı simpoziumun məqsədi dağ-mədən, neft-qaz, inşaat, informasiya texnologiyaları, kimya mühəndisliyi və digər sahələrdə fəaliyyət göstərən təşkilatları bir araya gətirmək və fikir mübadiləsi üçün platforma yaratmaqdır. 

7 ölkədən 10-dan çox məruzəçinin iştirak etdiyi simpoziumda “AzerGold” QSC-nin Strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev Azərbaycanın sosial-iqtisadi inkişafında dağ-mədən sahəsinin rolu barədə məruzə ilə çıxış edərək, Cəmiyyətin ölkənin qeyri-neft sənayesinə verdiyi töhfələrdən danışıb. Simpoziumda həmçinin Portuqaliya, Almaniya, Estoniya, Cənubi Afrika Respublikası və digər ölkələrdən olan spikerlər neft-qaz, inşaat, informasiya texnologiyaları, kimya mühəndisliyi, maşınqayırma sahələrini əhatə edən müxtəlif mövzulara dair məruzələr ediblər. 

Müvafiq olaraq hər panelin sonunda məruzəçilər tərəfindən iştirakçıların sualları cavablandırılıb. 

Qeyd edək ki, növbəti simpoziumun cari ilin 24 oktyabr tarixində Cənubi Afrika Respublikasının Bloemfontein şəhərində keçirilməsi planlaşdırılır.