“AzerGold” QSC Daşkəsən rayonunda növbəti ağacəkmə aksiyası keçirib

23.11.2018

06:00

22 noyabr tarixində “AzerGold” QSC Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində növbəti ağacəkmə aksiyası keçirib. Tədbir çərçivəsində 1 hektara yaxın ərazidə 400-dən çox meşə ağacı əkilib. “AzerGold” QSC-nin 100-ə yaxın əməkdaşının iştirak etdiyi aksiya bölgədə ekoloji tarazlığın qorunmasına və bütün ölkə ərazisində keçirilən genişmiqyaslı yaşıllaşdırma işlərinə töhfə vermək məqsədini daşıyır.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət siyasətinin dörd əsas istiqamətindən birini təşkil edir. Ətraf mühitin mühafizəsi tədbirləri çərçivəsində “AzerGold” QSC ildə 2 dəfə olmaqla mütəmadi yaşıllaşdırma aksiyaları təşkil edir. Bu günədək baş tutan yaşıllaşdırma tədbirləri zamanı 15 hektardan çox ərazidə 8 minə yaxın ağac və kol əkilib.