"Daşkəsəndə kartofçuluq təsərrüfatının inkişafına dəstək" layihəsində iştirak etmiş fermerlərə sığorta ödənişləri edilib

19.03.2025

14:12

“AzerGold” QSC tərəfindən 2024-cü ildə icra edilmiş “Daşkəsəndə kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinə cəlb edilmiş kəndli-fermerlərə sığorta ödənişlərinin təqdim olunması mərasimi keçirilib. 

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvləri-sədr müavinləri Xəyyam Fərzəliyev və İlqar Cəlilov, Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri İmran Cümşüdov, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vüsal Rzayev, eləcə də layihəyə cəlb olunmuş yerli fermerlər iştirak ediblər.

Aqrar Sığorta Fondu tərəfindən təşkil edilən mərasimdə ölkəmizdə kənd təsərrüfatının dövlət siyasətinin prioritetlərindən biri olduğu, bu istiqamətdə cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqlara uyğun olaraq respublikamızın digər bölgələrində olduğu kimi Daşkəsən rayonunda da ardıcıl və sistemli tədbirlərin icra edildiyi diqqətə çatdırılıb. 

Korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində iri sahibkarlıq subyektlərinin də aqrar sahənin inkişafında aktiv iştirakının mühüm əhəmiyyət kəsb etdiyi bildirilib, bu mənada ötən il “AzerGold” QSC-nin icra etdiyi “Daşkəsəndə kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin nümunəvi sosial təşəbbüslərdən biri olduğu qeyd olunub. 

Layihəyə 10 nəfər ucqar kənd sakininin cəlb edildiyi, fermerlərə layihə müddətində nəzəri və praktiki təlimlərin keçirildiyi, 10 hektar sahədə yerli iqlim şəraitinə uyğun kartof toxumlarının əkildiyi və məhsulların vegetasiya dövründə hava şəraitinin qeyri-sabit keçməsinə baxmayaraq, yüksək məhsuldarlığın əldə olunduğu diqqətə çatdırılıb. 

Layihə çərçivəsində əldə edilmiş 100 tona qədər məhsulun 85%-nin fermerlərə təqdim edildiyi, məhsulun 15%-nin isə Daşkəsən rayonunda yaşayan aztəminatlı ailələr arasında bölüşdürüldüyü bildirib. Nəticədə, həm fermerlərin satış üçün bol məhsul, növbəti əkin üçün toxumluq kartof əldə etdiyi, həm də bu məhsuldarlıqdan aztəminatlı Daşkəsən sakinlərinin faydalandığı vurğulanıb. 

Əlavə edilib ki, layihə çərçivəsində əkin sahələrinə 2 dəfə dolu düşməsi səbəbindən fermerlərə müəyyən ziyanın dəyməsinə baxmayaraq, kəndli təsərrüfatlarının sığorta olunması bu ziyanın qarşılanmasına imkan yaradıb. 

Bu, aqrar sığorta sisteminin fermerlərə fərdi təsərrüfatlarını qorumaları və inkişaf etdirmələri üçün ciddi əhəmiyyətini bir daha təsdiq edib.

Tədbirin sonunda Aqrar Sığorta Fondu tərəfindən layihədə iştirak etmiş fermerlərə sığorta ödənişləri təqdim edilib.